Qidalanma mütəxəssisləri fastfood məhsullarının psixoloji sağlamlığa təsiri ilə bağlı yeni məlumatlar açıqlayıblar. Foodinfo.az xəbər verir ki, 79 mindən çox insanın iştirak etdiyi geniş araşdırma şirniyyatlar, pizza, qızardılmış toyuq və digər yüksək dərəcədə emal olunmuş qidaların depressiya riskini 20–50% artırdığını göstərib. Bu nəticələr Sports.kz-in Newsarmenia.am-a istinadən yayımlanıb.

Tədqiqatçılar doqquz böyük araşdırmanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, rasionda yüksək dərəcədə emal olunmuş məhsulların payı artdıqca depressiyanın yaranma ehtimalı da yüksəlir. Bu tendensiya insanın fiziki aktivliyi, gəlir səviyyəsi və təhsil kimi amillər nəzərə alındıqdan sonra belə dəyişmir.

Mütəxəssislər bildirirlər ki, bu təsirin arxasında bir neçə mexanizm dayanır: şəkərin sürətlə qalxıb-enməsi, mikroelement çatışmazlığı, bağırsaq mikrobiotasının pozulması və xroniki iltihab prosesi. Bu amillər birlikdə emosional tarazlığın pozulmasına və əhvalın zəifləməsinə səbəb ola bilər.

Alimlər bu riski azaltmaq üçün “təmiz qidalanma sınağı”ndan istifadə etməyi məsləhət görürlər — yəni yüksək dərəcədə emal olunmuş məhsulları ən azı iki həftəlik menyudan çıxarmaq və bu müddətdə əhvaldakı dəyişiklikləri müşahidə etmək tövsiyə olunur.