Pakistanın Milli Elm və Texnologiya Universitetinin "Executive MBA" proqramı üzrə təhsil alan 27 tələbə və bir professorundan ibarət nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabrikinə istehsalat turu çərçivəsində səfər ediblər.

Tədbirin ilk hissəsində “Veysəloğlu-Distribusiya” şirkətinin kateqoriya meneceri Elnur Allahverdiyev və “Ulduz” şokolad fabrikinin regional ixrac üzrə mütəxəssisi Seymur Əsədli qonaqlara Veysəloğlu Şirkətlər Qrupunun tarixi, fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu, eləcə də “Ulduz” fabrikinin istehsal imkanları və ixrac potensialı barədə ətraflı məlumat veriblər.

Daha sonra tələbələr fabrikdə real istehsalat prosesi ilə yaxından tanış olub, texnoloji xətt üzrə gedişatı izləyiblər. Turun sonunda iştirakçılara “Ulduz” fabrikində istehsal edilən “I love Azerbaijan” premium şokoladları hədiyyə olunub və xatirə şəkili çəkdirilib.

Pakistanlı tələbələr bu səfəri Azərbaycanda istehsal sahəsi ilə tanışlıq baxımından əlamətdar hadisə kimi dəyərləndiriblər. Onlar gələcəkdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan biznes nümunələri ilə daha yaxından əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini vurğulayıblar.