Havadakı şaxta smartfonlara mənfi təsir göstərir.

Foodinfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə telefoniya üzrə mütəxəssis Natalya Qolitsına xəbərdarlıq edib.

Onun sözlərinə görə, mənfi 20 dərəcə temperaturda qurğulardan istifadə etmək akkumulyator üçün zərərli ola bilər.

Mütəxəssis vurğulayıb ki, aşağı temperaturda batareyanın həddindən artıq soyuması mürəkkəb kimyəvi proseslərə səbəb olur. Müasir smartfonlarda istifadə edilən litium-ion batareyalar getdikcə effektivliyini və şarj saxlamaq qabiliyyətini itirir.

Həmçinin, aşağı temperatur cihazın dinamiklərindəki polimer membranların hərəkətliliyinə də mənfi təsir göstərir. Bütün bunlar akkumulyatorun tutumunun müvəqqəti və hətta daimi azalmasına və smartfonun daxili və xarici dinamiklərində səs tonunun dəyişməsinə səbəb ola bilər.

Golitsına soyuq havada telefondan istifadəni məhdudlaşdırmağı və danışarkən qulaqcıqlardan istifadə etməyi məsləhət görür. Gəzintidən sonra isti məkana qayıdarkən, cihazı dərhal şarja qoşmaq tövsiyə olunmur, onun otaq temperaturuna alışması üçün 15-20 dəqiqə gözləmək məsləhətdir.