Ümumiyyətlə ciddi elmi nəticələri analiz edərək beyin məhsulunu təmənna güdmədən və pafossuz açıq şəkildə yazıya çevirmək, bununla da cəmiyyətin və dövlətin inkişafına kömək etmək özlüyündə Vətənə ciddi bir xidmətdir və arzuolunandır. Bunu bacaran hər kəsin etməsi zəruridir.

Yuxarıdakı qeyd etdiyim məqamları əsas tutaraq kimliyindən asılı olmayaraq Azərbaycanın düşünən beyinləri və formalaşmaqda olan beyin mərkəzlərinə yeni başlanğıc istiqaməti vermək məqsədilə qısa bir yazı hazırlamağı qərara aldım.

Xüsusi alqoritmlərə əsaslanan Süni İntellekt

Süni intellektlə son ildə fərqli sferalarda onminlərlə ciddi elmi tədqiqatlar aparılıb və pozitiv nəticələrə əsaslanaraq artıq praktik işlərdə də tətbiq edilir. Bununla belə, çox önəmli bir xeyli elmi tədqiqat isə hələ də ilkin mərhələdədirlər, tətbiq olunacaq sferanın ciddiliyi nəzərə alınaraq süni intellektin orada etibarlılıq faizi yoxlanılır.

Önəmli nəticələrə doğru

Bizim də elmi işçi qrupumuzdan yaxın gələcəkdə tibb sahəsində ciddi nəticələr gözləyirik. Bir müddət öncə nəticələrimizin analizi zamanı maraqlı proyektlərlə tanış oldum və gözlənən nəticələrin tətbiqini araşdırdım. Araşdırmamın nəticələrinə keçmədən öncə bildirim ki, süni intellektin ChatGPT [red: Chatbot Generative Pre-trained Transformer] və digər alqoritmlərə əsaslanacaq əvəzolunmaz məhsulların beynimizin ciddi mərkəzlərinin funksional imkanlarını və işləmə mexanizmlərini öyrənmə imkanı var (!). Məhz bunun siyasi sferada, iqtisadiyyatda və tibb sahəsində tətbiqi Yeni Dünya deməkdir.

Gözlənən nəticələr

Hər bir insana xas individual - onun xarakteri və beyninin müxtəlif mərkəzlərinin çalışma mexanizminə əsaslanan alqoritmlər formalaşdırmaq mümkün olacaq. Bununla da önəmli siyasi fiqurların qərarları və problemli məsələlərdə çıxış yolu haqqında fikirləri hər zaman öyrənilə biləcək, hətta onlar öldükdən sonra da (!). İllər öncə ölmüş önəmli siyasətçinin ona məxsus alqoritmini yaratmaq və bununla da “Bu gün o sağ olsaydı hansı qərarı verərdi?” sualına cavab tapmaq mümkün olacaq (!). Bundan başqa dünya milyarderlərinin individual alqoritmlərini yaradaraq onlara “ünvanlanmış” “Önəmli iqtisadi krizislərdə şirkətlərin müflis olmaması üçün hansı qərarları qəbul edərdilər?” sualının cavabını tapmaq mümkün olacaq. Bu gözlənən nəticələri uzada bilərəm, amma sonuncu nümunəni də deyib sizləri bir neçə dəqiqə düşüncələrinizlə baş-başa qoyacağam. Bu alqoritmlərlə qan və hiss bağlılığı olduğunuz insanları (bu valideyn, övlad, dost və s. ola bilər) da bir ömür boyu itirməmək mümkün olacaq. Belə ki, onların fikirləri, qərarları və tövsiyələri hər zaman sizinlə ola bilər.

Xülasə

Bir sözlə desək ölüm qorxusu yox olacaq (!) və obrazlı desək insanlar ölümsüzləşəcək (!). İnsanlar ölümsüzləşdikcə isə biz çalışmalıyıq ki, insanlıq ölməsin. Bunun üçün isə özünü dərk edən cəmiyyət formalaşmalıdır, əks halda insanlar ölümsüzləşdikcə insanlıq öləcək, qarşılıqlı dəyərlər məhv olacaq və yeni bir dünya yaranacaq. O dünya ki, orada sevgi və mərhəmət hissi yox olacaq.

İnsanlığın ölməyəcəyi cəmiyyət diləyi ilə…

Nuran Abdullayev

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, tibb elmləri doktoru, dosent