Azərbaycanda çiyələk əsasən Cəlilabad, Masallı, Şəmkir və Xaçmazda əkilir. Bu il Cəlilabadda 432 hektar (keçən il 427 ha), Masallıda 214,2 hektar (192,2 ha), Şəmkirdə 20 hektar (16 ha), Xaçmazda 35 hektar (20 hektar) sahədə əkin aparılıb. Göründüyü kimi, ötən illə müqayisədə əkin sahələrində artım var. Bu il sahələrin genişlənməsi ilə yanaşı, düzgün aqrotexniki qulluq göstərilməsi nəticəsində bol məhsul yetişib. Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimində belə fermerlər öz işləri ilə məşğuldurlar. Onlar hər gün karantin rejiminin tələblərinə əməl etməklə sahələrə çıxır, ölkə bazarlarını yerli məhsulla təmin edir, eyni zamanda, xarici bazarlara da çiyələk göndərirlər. Masallıda da sahələrdən çiyələk yığımı aparılır. Yığılan çiyələk daxili bazarla yanaşı, ötən illərdə olduğu kimi, Rusiyaya da ixrac olunur. Məhsul yığımı sentyabrın sonuna kimi davam edəcək. AZƏRTAC fotoqraf Valeh Arifoğlunun Masallı rayonunda çiyələk sahələrindən çəkdiyi fotoları təqdim edir.