Bu il Ramazan ayı pandemiyayla mübarizə vaxtına təsadüf etdiyi üçün oruc tutan şəxslər qida rejiminə xüsusi diqqət yetirməlidir. Gündəlik vitamin tələbatımızı ödəyib eyni zamanda da necə ac qalmaq olar? Lent.az -ın əməkdaşı şəhərin məşhur kafe və restoranlarında sorğu keçirdi və məlum oldu ki insanlar daha çox iftar süfrələrinə bu yeməkləri sifariş edirlər. Sadə şirniyyatlar, pizza, dönər, hamburger sifarişləri çoxluq təşkil edir. Bəs sözügedən qidalardan istifadə etmək nə dərəcədə düzgündür? Lent.az sizə mütəxəssislərin mövzu ilə bağlı fikirlərini təqdim edir. Qida Texnoloqu, aşbaz Ağa Salamov bildirdi ki, imsakda çox ağır olmayan qidalar istifadə edilməlidir:
“Eyni zamanda gün ərzində orqanizmi tox tutan, zülal və karbohidrat tərkibli qidalar yumurta, ağartı məhsulları, kərə yağı, nehrə yağı, qaymaq, qatıq, yüksək lifli qidalardan, mərci, çərəzlər və quru meyvələr istehlak edə bilərik. Çox ədviyyatlı məhsullar, duzlu pendir, turşular, konservləşdirilmiş məhsullar, emal olunmuş ət məhsulları (kolbasa, sosiska, hisə verilmiş balıq) kimi qidalardan uzaq durmaq lazımdır”. Mütəxəssislər deyir ki, imsakda yeməkdən ən az yarım saat sonra yatmaq məsləhətdir. Ağa Salamov onu da bildirdi ki, iftar zamanı, uzun sürən aclıqdan sonra boş mədəni çox yemək ilə yükləmək olmaz: “Qızartma, həddindən artıq yağlı, xəmir yeməklərindən və unlu qənnadı məmulatlarından mümkün qədər az istifadə edilməlidir”. Milli kulinariya mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova Lent.az -a açıqlamasında bu sözləri dedi: “İmsaq süfrələrində daha çox kalorili qidalardan istifadə etmək lazımdır. Çalışmalıyıq ki tərkibi bol vitaminli məhsullar istifadə edilsin. Hər səhər iki xurma yemək olduqca faydalıdır. İftar və imsaq arası çərəzlər yemək olar. İftarda isə yüngül yeməklərdən salatlardan və şorbalardan istifadə məsləhətdir. İftarda çox su içmək olmaz”. Dietoloq Şəfa Yadigarova Lent.az -a açıqlamasında bildirdi ki, imsaqda şirniyyatlardan istifadə etmək düzgündür: “Amma sağlam şəkildə hazırlanmış şirniyyatlar olmalıdır. Hansı ki tərkibində şəkər yoxdur, bol yağlı deyil. Meyvəli desertləri imsaq menyumuza daxil edə bilərik. Xurma yedikdən sonra şirniyyat qəbul etmək məsləhət görülmür. Bədənimizin 70 faizi sudur və buna görə də sudan bol istifadə etmək hər zaman lazımdır. İmsaqda və iftarda da çalışdığımız qədər gündəlik həyat tərzimizə uyğun qidalanmalıyıq. İmsaqda 1-2 dilim çörək yeyə bilərsiz daha çox çovdar və qarabaşaq çörəyinə üstünlük vermək məsləhətdir. İftarda isə çörək yemək məsləhət görülmür. Bu zaman tərəvəz istifadə edilməlidir. Mədə bağırsağında problem olan adamlar bişmiş tərəvəzlərdən istifadə edə bilər. Az yağlı, duzlu pendir, balıq, yumurtanın ağını isə salatlarda istifadə də bilərsiniz. Meyvəni daha çox günün birinci yarısı, 2 ədəd olmaqla, giləmeyvədirsə 100 qr. qəbul olunmalıdır”.