Qab yumaq üçün süngərlər hər mətbəxdə gündəlik istifadə olunan əşyalar sırasındadır. Lakin onların düzgün istifadə edilməməsi və vaxtında dəyişdirilməməsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, mütəxəssislər xüsusilə evdə uşaqların və ya immun sistemi zəif olan şəxslərin olduğu hallarda süngərlərə daha diqqətli yanaşmağı tövsiyə edirlər.
Məlumata görə, bir çox insanlar qab yumaq üçün nəzərdə tutulmuş süngərlərdən mətbəxdə başqa məqsədlərlə də istifadə edirlər. Məsələn, xam ət suyu tökülən yerlərin silinməsi, sobanın üzərindəki yanmış yemək qalıqlarının təmizlənməsi və hətta tərəvəzlərin yuyulması bu sıradadır. Mütəxəssislər bildirirlər ki, bu cür istifadə bakteriyaların yayılması üçün əlverişli şərait yaradır.
İmmunoloq Yelena Paretskayanın sözlərinə görə, süngərlər çox sayda təhlükəli mikroorqanizmi özündə toplaya və onları digər mətbəx əşyalarına ötürə bilər. Aparılan araşdırmalar zamanı süngərlərdə salmonella, kampilobakter, listeriya, bağırsaq çöpü və xəstəlik törədən stafilokok bakteriyalarının aşkar edildiyi bildirilib. Bu bakteriyalar orqanizmə düşdükdə bağırsaq pozuntuları, dəri problemləri və tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər.
Elmi tədqiqatların nəticələri də narahatedici hesab olunur. Belə ki, bir kvadrat santimetr süngər səthində yüzlərlə müxtəlif bakteriya növü aşkar edilib və onların ümumi sayı milyardlarla ölçülür. Süngərlərin mütəmadi yuyulması bakteriyaların sayını azaltsa da, onları tam təhlükəsiz etmir.
Mütəxəssislər qeyd edirlər ki, bəzi bakteriyalar süngər üzərində bir neçə gün yaşaya bilir. Xüsusilə süngər sıxılıb qurudulmadıqda, bakteriyalar daha sürətlə çoxalır. Buna görə də hər istifadədən sonra süngəri yaxşı sıxmaq və qurudulmuş halda saxlamaq vacibdir.
Həkimlər süngərlərin ən gec bir həftədən bir dəyişdirilməsini məsləhət görürlər. Əgər süngər formasını itiribsə, üzərində çirk və qida qalıqları qalıbsa və ya xoşagəlməz qoxu verirsə, dərhal atılmalıdır. Süngərlər yalnız qab yumaq üçün istifadə edilməli, digər təmizlik işləri üçün isə kağız dəsmallar və ya xüsusi salfetlərə üstünlük verilməlidir. Bu sadə qaydalara əməl etməklə mətbəxdə gigiyenanı qorumaq və sağlamlıq risklərini azaltmaq mümkündür.






