Son illər interval orucu bir çox məşhurun seçdiyi qidalanma rejiminə çevrilib. Bu pəhrizi İlon Mask, Kris Pratt, Cennifer Eniston və Nikol Kidman mütəmadi tətbiq etdiklərini açıqlayıb. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, endokrinoloq Yuliya Katxuriya interval orucunun hər kəs üçün uyğun olmadığını və bəzi hallarda sağlamlıq üçün risk yaratdığını bildirib.

Mütəxəssisin sözlərinə görə, bu qidalanma rejiminin əsas əks-göstərişlərindən biri qida davranışı pozuntularıdır. İstər hazırda, istərsə də keçmişdə bu tip problem yaşayan şəxslər üçün interval orucu tövsiyə edilmir. Həkim vurğulayır ki, belə hallarda hər cür pəhriz vəziyyəti daha da ağırlaşdıra bilər. Çəki azalması yalnız həkim nəzarəti və fərdi yanaşma ilə həyata keçirilməlidir.

Interval orucu hamiləlik dövründə və hamiləliyin planlaşdırılması zamanı da uyğun sayılmır. Bu mərhələdə bədəndə əlavə qida ehtiyacları yaranır. Bəzi qadınlarda çəki azlığı, mədə-bağırsaq xəstəlikləri və ya hamiləlik diabeti müşahidə oluna bilər ki, bu da pəhrizi riskli edir.

Həkim bildirir ki, vitamin və mikroelement çatışmazlığı olan, zülalın mənimsənilməsində problem yaşayan və ya zülal defisiti olan şəxslər üçün də interval orucu düzgün seçim deyil. Belə vəziyyətlərdə əvvəlcə çatışmazlığın səbəbi araşdırılmalı və aradan qaldırılmalıdır. Bundan sonra pəhriz barədə düşünmək olar.

18 yaşdan aşağı şəxslərə interval orucu qətiyyən tövsiyə edilmir. Əgər uşaq və yeniyetmələrdə tibbi səbəblərlə çəki azaldılmalıdırsa, daha təhlükəsiz və balanslı üsullar seçilməlidir.

Şəkərli diabet, mədə-bağırsaq və böyrək xəstəlikləri, eləcə də qalxanabənzər vəzin hormonlarının həddindən artıq ifrazı da bu pəhrizə başlamazdan əvvəl ciddi xəbərdarlıq siqnalı sayılır. Endokrinoloqlar sağlamlıqla bağlı risklərdən qaçmaq üçün mütləq həkimlə məsləhətləşməyi tövsiyə edir.