
Soyuq aylarda tez-tez rast gəlinən infeksiyalar və zəifləyən immun sisteminə qarşı təbii həll yolları axtaranlar üçün ən faydalı vasitələrdən biri itburnu çayıdır.
Foodinfo.az xəbər verir ki, bu təbii içki yüksək C vitamini, flavonoidlər və antioksidantlarla zəngin olduğu üçün immun sistemini gücləndirərək orqanizmi virus və bakteriyalara qarşı müdafiə edir.
İtburnu çayının antiviral və iltihabəleyhinə xüsusiyyətləri xüsusilə payız və qış mövsümündə onu təbii qoruyucu içkiyə çevirir. Gün ərzində bir fincan itburnu çayı qəbul etmək təkcə soyuqdəymə və qrip simptomlarının qarşısını almağa yox, həm də artıq başlamış infeksiyanın gedişatını yüngülləşdirməyə yardım edir.
Bununla yanaşı, itburnu tərkibindəki flavonoidlər və minerallar sayəsində qan dövranını stimullaşdırır, damar sağlamlığını qoruyur və ümumi yorğunluq hissini aradan qaldırır. Alimlər bildirirlər ki, bu çay allergik reaksiyaların riskini azaldır və xüsusilə mövsümi allergiyalardan əziyyət çəkən insanlar üçün faydalı ola bilər.
İtburnu çayının dəriyə təsiri də diqqətçəkicidir – qadınlar arasında aparılan müşahidələr bu içkinin dəriyə elastiklik və parlaqlıq bəxş etdiyini göstərir. Yaşla əlaqəli dəri quruluğu və gərginliyi azaldaraq dərinin daha sağlam görünməsinə dəstək olur.
Hazırlanması olduqca sadə olan bu çay təhlükəli qatqılar və kofein ehtiva etmədiyi üçün uşaqlar və yaşlılar üçün də zərərsizdir. Dadı yüngül, turşməzə və xoş olduğuna görə bal və ya limon kimi təbii dadlandırıcılarla birgə qəbul edilməsi tövsiyə olunur. Bu, həm faydalı təsirini artırır, həm də ləzzətini daha cazibədar edir.