Son illər şəkərsiz qidalanma həyat tərzi kimi geniş yayılıb. Bir çox insan əlavə şəkərdən tamamilə imtina etməyə çalışsa da, mütəxəssislər şəkərin bütün növlərinin eyni olmadığını bildirirlər.

Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, insan orqanizminin əsas enerji mənbələrindən biri qlükozadır. Lakin bu qlükozanın mütləq şəkildə şirniyyatlardan və ya şəkərdən alınması vacib deyil. Orqanizm meyvələrdə, tərəvəzlərdə, taxıllarda və digər məhsullarda olan karbohidratları da qlükozaya çevirə bilir.

Mütəxəssislərin sözlərinə görə, əlavə edilmiş şəkərin həddindən artıq qəbulu piylənmə, ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırır. Buna görə də bir çox ölkədə şəkər istehlakının azaldılması ilə bağlı proqramlar həyata keçirilir.

Araşdırmalar göstərir ki, əlavə şəkərdən imtina etdikdən sonra ilk günlərdə yorğunluq, əsəbilik və şirniyyata güclü istək yarana bilər. Lakin bir neçə həftə sonra orqanizm yeni qidalanma rejiminə uyğunlaşır.

Alimlər bildirirlər ki, tamamilə şəkərsiz yaşamaq mümkün olsa da, bu, yalnız əlavə edilmiş şəkərə aiddir. Təbii qidalarda olan karbohidratlar və onların parçalanması nəticəsində yaranan qlükoza orqanizmin normal fəaliyyəti üçün vacibdir.