
Qoz insan sağlamlığı üçün çoxlu faydalı xüsusiyyətlərə malik olan təbii qida mənbəyidir. Foodinfo.az bildirir ki, qozun tərkibindəki omeqa-3 yağ turşuları ürək-damar sisteminin sağlamlığını qoruyur, qan dövranını yaxşılaşdırır və bədəndə iltihabi proseslərin azalmasına kömək edir.
Omeqa-3 yağ turşuları həmçinin beyinin normal fəaliyyətini təmin edir, sinir hüceyrələrinin optimal işinə təsir edir, yaddaşın güclənməsində və konsentrasiyanın artmasında mühüm rol oynayır.
Qozda mövcud olan vitamin E və polifenollar isə güclü antioksidant xüsusiyyətlərə malikdir, sərbəst radikalların yaratdığı zərərin qarşısını alır, hüceyrələrin erkən yaşlanmasının qarşısını tutur və dərinin elastikliyini artırır. Gündəlik 5-6 ədəd qoz yemək dərinin sağlamlığını qoruyur, erkən yaşlanma prosesini yavaşladır və orqanizmin enerji səviyyəsini yüksəldir. Qoz həmçinin toxluq hissi yaratmaqla pəhrizdə köməkçi olur və artıq çəkinin qarşısını almağa yardımçı təsir göstərir. Lakin qozun yüksək kalori məzmunu onun miqdarına nəzarət edilməsini tələb edir. Çünki həddindən artıq istifadə enerji artımına və çəki yığılmasına səbəb ola bilər. Allergiyası olan insanlar üçün qozun istifadəsi müəyyən risklər daşıyır ki, buna görə ehtiyatla yanaşılmalıdır. Qozun gündəlik qidalanma rasionuna daxil edilməsi bədənin ümumi sağlamlığının möhkəmlənməsinə, həmçinin sinir sisteminin optimal işləməsinə və ürək xəstəliklərinin riskinin azalmasına səbəb olur.