Detoks orqanizmin toksinlərdən təmizlənməsi məqsədilə aparılan qısa müddətli pəhrizlərə verilən ümumi addır. Bu metod əsasən meyvə şirələri, göyərti smuziləri və su əsaslı qidalanmaya əsaslanır. Foodinfo.az xəbər verir ki, tərəfdarları detoksun həzm sistemini rahatlaşdırdığını və enerjini artırdığını deyir.

Lakin həkimlərin fikrincə, sağlam bir orqanizm təbii şəkildə özü detoks prosesini həyata keçirə bilir. Qaraciyər, böyrəklər və dəri bədənin təmizləyici orqanlarıdır. Qısa müddətli detokslar bəzən faydalı olsa da, uzunmüddətli istifadə fəsadlara səbəb ola bilər.

Əsasən əzələ itkisi, qan şəkərinin düşməsi və maddələr mübadiləsinin pozulması kimi hallar müşahidə olunur. Aşağı kalorili pəhrizlər bədənin ehtiyac duyduğu enerji səviyyəsini təmin etmir. Həddindən artıq detoks etmək immun sistemə zərər verə bilər.

Ən sağlam yol, bədəni mütəmadi olaraq balanslı və təbii qidalarla dəstəkləməkdir. Qida rasionuna meyvə, tərəvəz və su daxil etməklə bədən təmizliyini təmin etmək mümkündür. Unutmayaq ki, ekstremal detokslar əvəzinə davamlı sağlam qidalanma daha effektiv nəticə verir.