Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını davam etdirir. 

Foodinfo.az xəbər verir ki, bu çərçivədə Xalq artisti, xanəndə Mənsum İbrahimov da kampaniyaya qoşulub. Muğam ustası Agentliyin “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına dəstək olaraq vətəndaşlara sağlam həyat tərzi üçün şəkəri azaltmağı tövsiyə edib. Sənət yoldaşlarını və xalqımızı da bu kampaniyaya qoşulmağa çağırıb. O qeyd edib ki, insanlar öz sağlamlıqlarına diqqət etməlidir. “Uzun müddətdir şəkər istehlakını azaltmışam. Hazırda şəkər xəstəliyi artıb və gəncləşib. Tələbələrimə və gənclərə tövsiyə edirəm, zaman-zaman efirlərdə və müsahibələrimdə də çağırış edirəm ki, çalışın sağlam qidalanın və sağlam yaşayın”, – deyə vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ABAD” publik hüquqi şəxs, həmçinin gənclər və idman naziri Fərid Qayıbov və Milli Məclisin üzvləri Müşfiq Cəfərovla Emin Hacıyev kampaniyaya qoşulub. Eyni zamanda “MyGov” platforması üzərindən vətəndaşlara şəkərin zərərləri barədə bildirişlər göndərilib.

Kampaniyaya qoşulanların sayının artması ilə yanaşı, AQTA bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini daha da genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Müxtəlif TV və radio verilişlərində Agentliyin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin, həmçinin həkimlərin, ekspertlərin, qida mühəndislərinin və diyetoloqların iştirakı ilə müzakirələr aparılır.

Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir. 

Videoya aşağıdakı link vasitəsilə baxa bilərsiniz:

https://youtu.be/XYXD6nA1DKo