Ümumiyyətlə, artıq çəki sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər, lakin piylənmədən ən çox təsirlənən beş orqan var. 

Foodinfo.az fitnes məşqçisi və diyetoloq Culiya Krebelin Life-a müsahibəsində sadaladığı həmin orqanların siyahısını təqdim edir.


1. Ürək

Piylənmə ürək-damar sisteminə əlavə stress yaradır. Mütəxəssis deyir ki, bədən yağının artması ona xidmət etmək üçün əlavə qan axını tələb edir ki, bu da yüksək təzyiq, ürək çatışmazlığı, aritmiya və digər ürək problemlərinə səbəb ola bilər.

2. Qaraciyər

Piylənmə, hepatosteatoz kimi tanınan və alkoqolsuz yağlı qaraciyər xəstəliyinə (AYQX) keçə bilən yağlı qaraciyər infiltrasiyasının inkişafı ilə əlaqələndirilir. Krebel xəbərdarlıq edir ki, AYQX iltihab, siroz və hətta qaraciyər xərçənginə səbəb ola bilər.

3. Mədəaltı vəzi

Piylənmə 2-ci tip diabetin inkişaf riskini də artıra bilər, çünki artıq yağ mədəaltı vəzinin kifayət qədər insulin istehsal etmə qabiliyyətinə mane ola bilər. İnsulin isə qan şəkəri səviyyəsinə nəzarət edir.  Şəkərin uzunmüddətli artması mədəaltı vəzini zədələyə və diabetə səbəb ola bilər.


4. Oynaqlar

Fitnes məşqçisi qeyd edir ki, xüsusən də bel və bud hissədə olan artıq çəki oynaqlara əlavə ağırlıq verir. Bu, ağrıya, iltihaba və hərəkətin məhdudlaşmasına səbəb olan osteoartritin (artrit) inkişafına gətirib çıxara bilər.

5. Ağciyərlər

Kilolu insanlarda tənəffüs sisteminin funksionallığının azalması səbəbindən ağciyərlər əziyyət çəkə bilər. Döş qəfəsi və qarın ətrafındakı artıq yağ diafraqmanın hərəkətini məhdudlaşdıra bilər, nəticədə ağciyər tutumu azalır və mümkün tənəffüs problemləri, həmçinin obstruktiv yuxu apnesi və digər tənəffüs problemləri riski artır.

Eyni zamanda, Krebelin sözlərinə görə, müntəzəm fiziki fəaliyyət, sağlam qidalanma və normal çəkini qoruyub saxlamaq sağlamlıq üçün yaranan riskləri dəfələrlə azaltmağa kömək edə bilər.

Natəvan