Ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi, innovativ texnikalardan geniş istifadə dövlət səviyyəsində dəstəklənir, müasir həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

Foodinfo.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimində deyib.

O qeyd edib ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir, bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir, fermerlərin kənd təsərrüfatı alətlərinə əlçatanlığı təmin edilir, o cümlədən aqrar sığortanın tətbiq dairəsi genişləndirilir.

“Əminəm ki, fermerlərimiz sərginin yaratdığı bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından, müasir suvarma sistemləri, dəqiq kənd təsərrüfatı həlləri və düzgün aqrotexniki qulluq vasitələrindən geniş istifadə etməklə Azərbaycanda aqrar sahənin davamlı inkişafına öz töfhəsini vermiş olacaqlar”, - deyə nazir qeyd edib.

M. Məmmədov əlavə edib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi yalnız texnika və texnologiyaların tətbiqi ilə deyil, həmçinin iqlim dəyişikliklərinin yan təsirlərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə mümkündür: “Kənd Təsərrüfatı Nazirliyi olaraq iqlim dəyişkliyinin təsirlərini minimuma endirmək və fəaliyyətin təşkilində iqlim risklərinin qiymətləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülür. İnanıram ki, sərgi zamanı bu istiqamətdə təşkil olunacaq müzakirələr kənd təsərrüfatının dayanıqlı inkişafına zəmin yaradacaq”.

Nazir qeyd edib ki, bu il keçirilən sərgidə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb.