Kəsim məntəqələrinə digər rayon və şəhərlərdən nəql edilən heyvanların və ya quşların yorğunluq və stress amillərini aradan qaldırmaq üçün heyvanlara ən az 1 saat, quşlara isə ən az 30 dəqiqə vaxt ərzində dinclik verilməlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın “Kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydaları” bölməsində bildirilir. Həmçinin sənəddə qeyd edilir ki, digər rayon və şəhərlərdən kəsim məntəqələrinə nəql olunmuş heyvanların və ya quşların içməli su ilə təmin olunmasına diqqət yetirilməli və kəsimə 2-3 saat qalanadək su ilə təmin edilməlidir. Kəsim məntəqələrinə nəql olunmuş heyvanların kəsiminə 12 saat, quşların isə 8-12 saat qalmış yemləndirilməsi dayandırılmalıdır. Kəsim məntəqələrində heyvan və quş kəsimi vaxtı minimuma endirilməli və tez bir zamanda kəsim həyata keçirilməlidir. Bu müddət müvafiq olaraq 8-12 saatdan çox vaxt tələb etdiyi halda, heyvanlar və ya quşlar mütləq şəkildə müəyyən miqdarda yemlə təmin olunmalıdır. Kəsim məntəqəsinə gətirilən heyvanların və ya quşların dəri örtüyündə kənar çirklənmələr olmamalı və ya olduğu halda təmizləndikdən sonra kəsim həyata keçirilməlidir. Laktasiya dövründə olan heyvanlar sağaldıqdan sonra ən qısa müddətdə kəsimə göndərilməlidir. Kəsimdən qabaq saxlanma bölməsi kəsim məntəqələrinin digər bütün bölmələrindən divarla ayrılmalıdır. Bu bölmədə saxlanılan heyvanlar kəsilən heyvanı görməməlidir.