Ət satışı müəssisəsində sanitariya normaları və qaydaları ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsini, həmçinin iş prosesləri müddətində işçi heyətin, avadanlıqların o cümlədən ətraf mühitin biotəhlükəsizlik tələbləri çərçivəsində mühafizəsini təmin etməlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə qeyd olunur ki, müəssisədə mütəmadi olaraq müvafiq yuyucu vasitələrdən istifadə edilməklə təmizlik işləri həyata keçirilməlidir. Həmçinin normal havalandırmanın həyata keçirilməsi üçün müvafiq şərait yaradılmalıdır. Quraşdırılmış havalandırma sisteminin filtr və digər hissələrinin təmizlənməsi və ya dəyişdirilməsi asan olmalı, filtrlərin texniki şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında yenilənməlidir.

Eləcə də müəssisə daxilində dezinfeksiya və digər sanitariya normaları və qaydalarına əsasən görülən işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması”na uyğun olaraq tərtib edilmiş dövlət nümunəvi baytarlıq uçotu sənədlərinə (jurnallarına) uyğun olaraq uçotu aparılır. Müəssisədə mövcud olan və kəsim prosesində istifadə olunan bütün ləvazımatların (avadanlıq və alətlər) ən azı gündə bir dəfə dezinfeksiyası aparılmalıdır. Ət və ət məhsulları ilə təmasda olan kəsici alətlər hər iş gününün sonunda sterilizasiya aparatı ilə dezinfeksiya edilməlidir. İş prosesində əmələ gələn tullantılar ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalıdır. Digər maddələrin saxlanıldığı qablardan fərqlənməsi üçün tullantı qabları işarələnməlidir. Müəssisənin yaxınlığında tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda həmin qablar tullantılardan təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr müəssisədən kənarda yerləşdirilməli və təmiz saxlanılmalıdır. İş prosesində əmələ gələn və kənarlaşdırılan tullantıların zərərsizləşdirilməsi “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təmin edilməlidir.

Qaydalara əsasən, müəssisədə ilkin tibbi yardım dəsti olmalıdır. İş alətlərini - bıçaqları, qarmaqları və itiləyici çarxları paslanmayan materialdan (polad və ya düralümindən) hazırlanmış örtüklərdə (çexollarda) saxlanılmalıdır. Dəri örtüklərinin və bənzər materiallardan olan örtüklərin istifadəsi isə qadağandır. Dezinfeksiya üçün vasitələr, yuyucu və təmizləyici məhsullar, habelə zərərvericilərlə mübarizədə istifadə olunan kimyəvi vasitələr ət və ət məhsullarının saxlandığı bölmələrdən kənarda yerləşən ayrıca yerlərdə və ya dolablarda saxlanılmalıdır. Ət və ət məhsulları fiziki (şüşə, metal, taxta qırıntıları və s.), kimyəvi (yuyucu və dezinfeksiyaedici maddələr, zərərvericilərlə mübarizədə istifadə edilən vasitələr və s.) və bioloji (mikroorqanizmlər, parazitlər və s.) çirkləndiricilərlə təmasda olmamalıdır. Müəssisədə istifadə olunan su və digər axıntılar kanalizasiya sisteminə axıdılmazdan əvvəl filtr qurğularından keçirilməklə təmizlənməli və zərərsizləşdirilməlidir. Müəssisədə xaricə açılan bütün pəncərələr həşəratların girişinə mane olan torlarla təchiz edilməlidir.