Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Qəbələ şəhəri, İ.Qaibov küçəsində fəaliyyət göstərən “RN” ərzaq mağazasında planlı yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Eyni zamanda yararlılıq müddəti bitmiş 9 adda qida məhsulunun satışının həyata keçirildiyi, qida məhsullarının üzərindəki etiketlənmədə uyğunsuzluqların olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb, “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib. Həmçinin uyğunsuzluqların aradan qaldırılması istiqamətində metodiki dəstək göstərilib.