Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Əfqanıstanda 13 milyon insanın kəskin qida çatışmazlığı ilə üzləşdiyini bildirib.

“X” sosial media platformasında Əfqanıstanda insanların yaşadığı ərzaq təhlükəsizliyi böhranı haqqında T.A.Qebreyesus yazıb: "Əfqanıstanda əhalinin 30 faizinə bərabər olan 13 milyonu kəskin qida çatışmazlığı böhranı ilə üzləşir. Ölkədə 1 milyona yaxın uşaq ağır, 2,3 milyonu isə orta dərəcədə kəskin qida çatışmazlığından əziyyət çəkir.

Əfqanıstanda yaşayanların immun sistemlərinin zəifləməsi və sərt qış şəraiti səbəbindən yoluxucu xəstəliklərdən ölmək riski daha da yüksəkdir. Rəqəmlər humanitar yardımların çatdırılmasının məhdudlaşması üzündən yaxın həftələrdə və aylarda daha da arta bilər. Daha çox əfqanıstanlı uşaq və qadının qida çatışmazlığı və qida təhlükəsizliyinin nəticələrinə görə ölməsinin qarşısını almaq üçün xəstəxanalara dəstəyi davam etdirmək üçün ÜST-nin 185 milyon dollara ehtiyacı var”.