Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqları davam etdirilir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, növbəti, bərk pendir məhsulunda zülal, yağlılıq və quru maddə parametrləri üzrə səriştəlilik sınağının nəticələri məlum olub.

Səriştəlilik sınaqlarına qatılan 5 laboratoriya tərəfindən instituta təqdim edilən nəticələrə dair hesabat AQTİ-nin saytında (www.afsi.gov.az) yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədəki “Hesabatlar”da yerləşdirilib.

Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Qeyd edək ki, səriştəlilik sınaqları sınaq laboratoriyalarının müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin sınaq nəticələrinin keyfiyyətinin və personalın səriştəliliyinin artırılması məqsədilə təşkil edilir. Sınaqlar beynəlxalq ISO 17043 “Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartına uyğun keçirilir.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyaların sınaq nəticələri səriştəlilik sınaqları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirildikdə tanınır və etibarlı hesab edilir.