Ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər davam etdirilir. 

Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ət kombinatının həyətində fəaliyyət göstərən alkoqollu içki emalı müəssisəsində plandankənar yoxlama aparıb. Kustar üsulla yaradılmış obyektə baxış zamanı üzərində etiket məlumatları qeyd olunmayan alkoqollu içkilər, müxtəlif əmtəə nişanlı içki etiketləri, alkoqollu içki üçün qapaq və qapaq lentləri aşkar edilib. Həmçinin yoxlama zamanı sahibkarlıq subyektinin qida təhlükəsizliyi sahəsi üzrə qeydiyyatının olmadığı, sanitar texniki, sanitar gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, məhsullar üzərində istehsal tarixlərinin qeyd edilmədiyi, işçilər üçün fərdi dolablarla təmin olumuş soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi aşkarlanıb. Müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması ilə bağlı ixtisaslaşmış qurumla müqavilə və ya təsdiqedici aktın olmadığı, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, hazır məhsulun markalanması üçün nəzərdə tutulan etiket məlumatların qanunvericiliyin tələbinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Bununla yanaşı, istifadə edilən xammalın (kupaj) keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlər və obyektdə çalışan işçilərin dövri tibbi müayinədən keçmələrini təsdiqləyən sağlamlıq arayışları yoxlamaya təqdim olunmayıb. 

 Müəssisədə aşkarlanmış nöqsanlarla bağlı bir sıra məhsulların dövriyyəyə çıxarılmasının qarşısı alınıb və möhürlənərək saxlanca verilib. Kupaj saxlanılan çənlər və elektrikli nasos lentlənib və onların üzərinə möhür vurulub. Məhsullardan nümunələr götürülərək analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnistutunun müvafiq laboratoriyasına təqdim edilib.  

Hazırda araşdırmalar davam etdirilir.