Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Foodinfo.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) İngiltərənin “FAPAS” şirkəti tərəfindən yanvar ayında təşkil olunan bioloji aktiv qida məhsulu nümunəsində ağır metal və mineral analizləri, eyni zamanda yem nümunəsində ağır metalların qalıq miqdarının təyini üzrə səriştəlilik sınaqlarında iştirak edib. Laboratoriya tərəfindən hər iki sınaqda uğurlu nəticələr əldə olunub.

KTL yem nümunəsində ağır metalların qalıq miqdarının təyini üzrə təşkil edilən səriştəlilik sınağına qatılan 34 laboratoriya arasında bütün parametrlər üzrə ən yüksək nəticə göstərən 3 laboratoriyadan biri olub.

Qeyd edək ki, KTL-də bioloji aktiv qida məhsullarının, qablaşdırma materiallarının, baytarlıq preparatlarının, yemlərin, aqrokimyəvi maddələrin mikrobioloji, toksikoloji və fiziki-kimyəvi analizləri aparılır. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 beynəlxalq standartına uyğun akkreditasiyadan keçirilib və bütün analizlər beynəlxalq standartların tələblərinə uyğun aparılır.