Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam edir.
Məlum olduğu kimi, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir.
Foodinfo.az-ın xəbərinə görəz bununla əlaqədar, Argentina Respublikasının səlahiyyətli dövlət qurumu olan Milli Qida Təhlükəsizliyi və Keyfiyyəti Xidmətinə bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, 2023-cü il oktyabrın 1-dən heyvan mənşəli məhsulların istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida müəssisələrinin məhsullarının idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.
AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.