Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 357 391,97 min ABŞ dollarına bərabər olub. Foodinfo.az Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabata əsasən bildirir ki, cari ilin birinci rübündə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 8,3% azdır. Ümumiyyətlə, cari ilin ilk üç ayında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 13,6% təşkil edib. Hesabat dövründə ölkəyə 20 238,49 min dollar dəyərində 11 015,48 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 11,5% artsa da, həcm göstəricisi üzrə isə 15,4% azalıb. Cari ilin yanvar-mart ayları ərzində ölkəyə 3 398,47 min dollar dəyərində (artım 21%) 2 099,56 ton (azalma 1%) süd idxal olunub. Ölkəyə həmçinin 19 750,57 min dollar dəyərində 3 957,53 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə həcm olaraq 49,3%, dəyərində isə 46% artım müşahidə olunub.