Toyuq əti düzgün hazırlandıqda həm dadlı, həm də sağlam qida hesab olunur. Bu məhsul xüsusilə sağlam həyat tərzinə üstünlük verənlər və idmançılar üçün ideal seçim sayılır. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, şef-aşpaz İqor Litovkov toyuğun hər hissəsinin özünəməxsus bişirilmə qaydası olduğunu bildirib.

Mütəxəssis vurğulayır ki, toyuğun ən faydalı hissəsi sinə ətidir və onun hazırlanmasının ən sağlam üsulu qaynadılmadır. Xırtıldayan, qızılı rəng alan soba toyuğu dadlı görünsə də, sağlam qidalanma baxımından ideal sayılmır.

İqor Litovkov qeyd edir ki, pəhriz saxlayanlar və çəkisinə diqqət edənlər üçün sinə ətini dəri ilə və çoxlu tərəvəzlə qaynatmaq hər zaman uyğun olmur. Lakin bir neçə sadə qaydaya əməl etməklə həm pəhriz, həm də şirəli və yumşaq toyuq əti əldə etmək mümkündür.

Şef-aşpaz tövsiyə edir ki, 200 qram toyuq əti üçün təxminən 500 ml su istifadə olunsun. Ət mütləq qaynayan suya salınmalı, qabın ağzı örtülü vəziyyətdə saxlanmalıdır ki, su tez buxarlanmasın. Bişirməyə başlamazdan əvvəl suya yarım çay qaşığı duz əlavə etmək vacibdir.

Toyuq sinəsi 25–30 dəqiqədən artıq qaynadılmamalıdır. Bu müddət ətin qurumasının qarşısını alır və onun şirəliliyini qoruyur. Mütəxəssisin sözlərinə görə, bu qaydalara əməl edildikdə adi toyuq əti belə fərqli və xoş dada malik olur.

Hazır toyuq sinəsi düyü və ya qarabaşaq kimi qarnir ilə süfrəyə verilə, eyni zamanda müxtəlif salatların hazırlanmasında istifadə edilə bilər. Nəticə isə gözlənildiyindən daha uğurlu olur.