Qəhvənin bağırsaqları işlətməsi ilə bağlı yayılan fikirlər elmi cəhətdən təsdiqlənib. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, bir fincan qəhvə içildikdən cəmi dörd dəqiqə sonra düz və siqma bağırsaqlarının hərəkəti aktivləşir.

Mütəxəssislərin sözlərinə görə, bu təsir ən azı yarım saat davam edir. Qəhvənin belə təsir göstərməsinin əsas səbəbi mədə–bağırsaq refleksinin güclənməsidir. Qəhvə qəbul edildikdə mədə-bağırsaq sistemində müəyyən hormonların ifrazı artır və bu da bağırsaqların daha fəal işləməsinə səbəb olur.

Bu proses zamanı mədə genişlənir, yoğun bağırsaq isə yığılaraq yeni qida üçün yer açır. Həkimlər bildirir ki, mədə–bağırsaq refleksi xüsusilə səhər saatlarında daha aktiv olur. Bu səbəbdən səhər qəhvəsi içmək vərdişi orqanizmin təbii bağırsaq fəaliyyəti dövrü ilə üst-üstə düşür.

Zaman keçdikcə qəhvə içmək şərti refleksə çevrilə bilər. Belə ki, təkcə qəhvənin dadı və içilmə mərasimi bağırsaqlar üçün siqnal rolunu oynayır. Araşdırmalar göstərir ki, qəhvənin təsir gücü bəzən tam bir yemək qəbulu ilə müqayisə oluna bilər.

Qeyd olunur ki, tərkibində kofein olan qəhvə bağırsaq hərəkətini ilıq su ilə müqayisədə 60 faiz, kofeinsiz qəhvə ilə müqayisədə isə 23 faiz daha güclü stimullaşdırır. Mütəxəssislər bağırsaq problemləri olan şəxslərə qəhvədən istifadə edərkən orqanizmin reaksiyasına diqqət yetirməyi tövsiyə edirlər.