Alternativ süd məhsullarına maraq xeyli artıb və bu içkilər arasında kokos südü xüsusi yer tutur. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, kokos südü tez-tez kokos suyuyla qarışdırılsa da, əslində bu iki məhsul tamamilə fərqlidir. Kokosun içində olan şəffaf maye kokos suyu adlanır, kokos südü isə qozun ətlik hissəsindən hazırlanır.
Mütəxəssislərin bildirdiyinə görə, kokos südü kokos lətininin xırdalanaraq isti su ilə qarışdırılması və sıxılması yolu ilə əldə edilir. Bu proses bir neçə dəfə təkrarlanır və nəticədə ağmtıl, bir qədər duru, yağ və su qarışığından ibarət təbii məhlul yaranır. Bu içki Cənub-Şərqi Asiya ölkələrində geniş yayılıb və həmin bölgələrdə müxtəlif adlarla tanınır.
Kokos südü Tayland və Şərqi Asiya mətbəxində mühüm yer tutur. Eyni zamanda heyvan mənşəli süd məhsullarından istifadə etməyən şəxslər üçün yaxşı alternativ hesab olunur. Xüsusilə laktoza dözümsüzlüyü olan insanlar bu içkini rahatlıqla qəbul edə bilirlər.
Kokos südünün faydaları
Kokos südü B qrupu vitaminləri, C, A, PP və E vitaminləri ilə zəngindir. Onun tərkibində dəmir, kalium, maqnezium, fosfor, manqan, selen, sink və natrium kimi minerallar mövcuddur. Yağlı tərkibi sayəsində orqanizmi tez doyurur və enerji verir. Mütəxəssislər qeyd edirlər ki, bu içki sinir və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, ümumi halsızlığı azaldır və stresslə mübarizədə köməkçi rol oynayır.
Kokos südü xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edir, ateroskleroz, insult və infarkt riskinin azalmasına dəstək verir. Kalium isə bədəndə artıq mayenin xaric olunmasına kömək edərək şişkinliyin azalmasına və qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Həzm sistemi və maddələr mübadiləsi üçün də faydalı hesab olunur.
100 qram kokos südünün enerji dəyəri təxminən 181 kilokaloridir. Ölçülü istifadə edildikdə fiqura ciddi zərər vermir. Araşdırmalar göstərir ki, onun tərkibində olan orta zəncirli yağ turşuları bədən çəkisinin azalmasına da kömək edə bilər. Bundan başqa, C vitamini immuniteti gücləndirir, A vitamini göz sağlamlığını qoruyur, fosfor isə sümük və dişlərin möhkəmlənməsində iştirak edir. Selen antioksidant təsiri ilə hüceyrələrin qocalmasını ləngidir və dərinin vəziyyətini yaxşılaşdırır.
Zərərləri və əks göstərişlər
Bütün faydalarına baxmayaraq, kokos südü hər kəs üçün uyğun olmaya bilər. Mütəxəssislər bildirirlər ki, bu məhsul allergik reaksiyaya səbəb ola bilər. Buna görə də üç yaşına qədər uşaqlara verilməsi və südvermə dövründə istifadəsi tövsiyə edilmir. Həmçinin ishal zamanı, mədə xorası və qastritin kəskin dövrlərində kokos südündən uzaq durmaq məsləhətdir.
Mütəxəssislərin fikrincə, kokos südü sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin hər bir məhsul kimi, onu da ölçülü və vəziyyətə uyğun şəkildə istehlak etmək vacibdir.






