Qış aylarında insanların yuxusunun pozulmasına səbəb olan ən sadə amillərdən biri çox vaxt nəzərdən qaçırılır. Foodinfo.az xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux axşam yeməyinin gec saatlara qalmasının yuxunun dərin fazasına keçidi çətinləşdirə biləcəyini bildirib. Onun sözlərinə görə, yatmağa yaxın vaxtda qəbul edilən yemək bədənin istirahətə hazırlaşmasına mane olur və həzm sisteminin gərgin işləməsinə səbəb olur. Bu isə həm yuxunun tez bölünməsinə, həm də səhər oyandıqda yorğunluq hissinin artmasına gətirib çıxara bilər. Mütəxəssis qeyd edib ki, qış mövsümündə maddələr mübadiləsi yavaşıdığı üçün yemək saatlarına daha çox diqqət yetirmək lazımdır. O tövsiyə edir ki, yatmazdan iki-üç saat əvvəl yüngül və balanslı axşam yeməyi qəbul olunsun.
Kaşuxun sözlərinə görə, bu zaman həzm sistemi qidanın parçalanması və mənimsənilməsi kimi prosesləri yuxu başlamadan tamamlaya bilir. Bu da həm bədənin gecə vaxtı rahat şəkildə bərpasını təmin edir, həm də səhər enerji səviyyəsini artırır. Mütəxəssis vurğulayıb ki, gecə ağır və yağlı yeməklər təkcə yuxunu pozmur, həm də qış aylarında çəki artımına səbəb ola bilər. O bildirib ki, axşam yeməyi üçün ən uyğun seçim tərəvəzlər, yüngül zülal mənbələri və az miqdarda karbohidrat ola bilər.
Həkim hesab edir ki, qidalanma rejimində edilən kiçik dəyişikliklər həm yuxusuzluq problemini azalda, həm də ümumi sağlamlıq göstəricilərini yaxşılaşdıra bilər. Kaşuxun fikrincə, düzgün vaxtda yeyilən axşam yeməyi insanın həm yuxusunu, həm də gündəlik əhvalını müsbət şəkildə təsirləndirir.






