Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin “Təhsildə gender bərabərliyi” layihəsinin açılış mərasimi keçirilib.

Foodinfo.az xəbər verir ki, Nigar Dövlətovanın “Təhsildə gender bərabərliyi” adlı layihəsinin açılış proqramı layihənin tərəfdaşı olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin Lerik bölməsində baş tutub.

Layihənin açılış proqramında layihə komandası və Lerik rayon Soru tam orta məktəbinin direktoru ilə yanaşı, rayonda fəaliyyət göstərən aktiv müəllim kollektivi, layihənin iştirakçıları olan məktəblilər iştirak ediblər. Layihə rəhbəri layihənin məqsəd və vəzifələri, həmçinin icra prosesi ilə bağlı məlumat verərək, regionda bu tipli layihələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Layihənin eksperti Bahar Mürsəliyeva coğrafi və sosial maneələrlə qarşı-qarşıya olan Lerik rayonunda təhsil alan gənclərin mütəxəssislərlə birlikdə təhsil sistemində gender bərabərliyi daxilində iştirakçılığını təmin etmək üçün layihənin qarşısına qoyduğu vəzifələrə necə çatmağı hədəflədiyindən danışıb. Layihə öz işinə noyabr ayından başlayıb və icrası 4 ay ərzində yekunlaşacaq. Yekunda açılış proqramında iştirak edən qonaqlar layihənin uğurla yekunlaşmasına dair lazım olan dəstəyi və töhfəni vermək üçün təkliflərlə çıxış ediblər.