Naxçıvan Muxtar Respublikasında yazın gəlişi ilə birlikdə onun uca dağlarında, geniş düzlərində yetişən bitkilərdən hazırlanan çoxçeşidli qidaların hər biri insan orqanizminin immunitetini artıran vitaminlərlə, minerallarla zəngindir, min bir dərdin dərmanıdır. Foodinfo.az bildirir ki, bu barədə danışan tədqiqatçı-jurnalist Zaleh Novruzov deyib ki, Naxçıvan əhalisinin qidasında müxtəlif yeməklərin hazırlanmasında göyərti daha çox yer tutur. Burada erkən yazda çiy halda yeyilən bitkilər də az deyil. Onlardan müxtəlif növ yemliyi (südlü, təkəsaqqalı), quşəppəyini, dağlarda bitən quzuqulağını göstərmək olar. Həmin bitkilərin çiy halda yeyilməsi onların tərkibində olan vitaminlərin insan tərəfindən qəbuluna imkan verir. Bu isə çox faydalıdır. Bununla bağlı şeirlərimizin birində deyilir: İlk baharda biz dağlara gedərdik, Kəklik kimi qayalarda səkərdik. Xına sürtər, quzuqulağı dərərdik, Nübar bilib, hər kəsə pay verərdik. Topalaq nədir? Zaleh Novruzov qeyd edib ki, quzuqulağı Naxçıvanda daşlı qayalarda bitdiyi üçün onu yığmağa uşaqlar və yeniyetmələr gedər, yığdıqlarından qohum-qonşuya pay verərlər. Orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, əkin sahələrindən "topalaq" adlandırılan bitki də yığılıb yeyilərdi. Şum zamanı səthə çıxan bu kök yumrularının qabığı soyulduqdan sonra istifadə olunardı. Şirintamlı topalaqla yanaşı, əkin sahələrindən kələməkeşir də yığılıb yeyilirdi. Erkən yazda təpəliklərdə ən çox rast gəlinən murçalıq kökü, gicitkən, bağayarpağı kimi təbii bitki növlərinə də üstünlük verilirdi. Bu gün süfrələrimizin bol, insanların həyat səviyyəsinin yaxşı, ailələrdə hər cür təamların olması uşaqların belə bitki məhsullarını yeməyini maraqsız edib. Ancaq heç bir təam müxtəlif vitaminlərlə zəngin bu təbii qidaları əvəz edə bilməz. Pendir-lavaşla yeyilən göy soğanın, tərxunun dadı başqa olur "Yaz fəslində yemək çeşidlərinin içərisində yabanı və becərilən göyərtilər də üstünlük təşkil edir. Bu dövrdə göy soğana, tərxuna və digər göyərtilərə, soyutma yumurtaya, pendir-lavaşa üstünlük verənlər çox olur. Onun dadı isə tamam başqa olur, adam yedikcə yemək istəyir", - deyən tədqiqatçı-jurnalist bildirib ki, göyərtidən, əsasən, dovğa və kətə bişirilir. Evdar qadınlar bu dövr üçün qovurma saxlayırlar. Çünki qovurma ilə qızardılan pencərin və yumurtanın dadı əvəzedilməz olur. Qızartmada ən çox xıncılovuz, qazayağı, çiriş, cacıq, şomu, gicitkən və mərəçöhrdən istifadə edilir. Göyərti az olduqda düyü, buğda, yarma əlavə edib "cılbırt" adlandırılan yemək bişirirlər. Bir çox göyərtilərdən çərəz kimi də istifadə edilir. Kükünün, kətənin əsl vaxtıdır Zaleh Novruzov vurğulayıb ki, kükü yemək növü də göyərtilərdən hazırlanır. Narın doğranmış pencərə yumurta əlavə edilərək qarışdırılır və tavada qızardılır. Göyərtidən kətə ilə yanaşı, göy qutab da bişirilir. Bunun üçün həyətyanı sahələrdə alaqotu kimi bitən qaratərə və sarmaşıqdan da istifadə edilir. Təndirdə bişirildikdə kətə daha dadlı olur. Onu isti-isti yemək məsləhətdir. Zövqə uyğun olaraq kətəyə sumax səpir, isti kətənin içərisinə eymə yağı qoyub yedikdə isə daha ləzzətli olur. Digər bir bitki növü - şomu qovurulsa da, kətəsinə daha çox üstünlük verilir. Şomunun becərilən, yəni mədəni növü olan ispanaqdan, yarpızdan da kükü bişirmək mümkündür. Bu mövsümdə göyərtidən qatıqaşı, dovğa da hazırlanır. Dovğa ən çox yarpız, nanə, ispanaq, keşniş, cəfəri, salmança ilə bişirilir. Yerin dadlı neməti Bahar fəslində sevilən yeməklərdən birinin də yer kartofu olduğunu deyən Zaleh Novruzov bildirib ki, heç bir budaq və gövdəsi olmayan, kartof yumrusuna bənzəyən bu göbələk növü torpağın altında böyüyür, inkişaf edir. Naxçıvanın alçaq dağlıq və Arazsahili zonalarında bitir. Yeri azca şişirib çatlatdığı üçün toplanması çətindir. Çox zaman çubuqla döyəcləməklə yerini təyin edirlər. Bunun üçün quru və qabıqlı iydə və ya tut ağacından istifadə edilir. Çubuq göbələk olan yerə dəydikdə səs dəyişilir. Yağlı və qiymətli bitkidir. Şəkərli diabet xəstələri üçün məsləhət görülür. (Azərtac)