Gürcüstanın Batumi şəhərində tənzimləyici orqan altı qida müəssisəsini yalnız rus dilində menyu təklif etdiyinə və bununla bağlı xəbərdarlıqlara məhəl qoymadığına görə cərimələyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Azadlıq” radiosunun Gürcüstan xidməti yayıb.

Rəqabət agentliyi Batumidə müştərilərə demək olar ki, yalnız rus dilində xidmət göstərdiklərini əsas gətirərək altı müəssisəyə qarşı cərimələr elan edib.

Deyilənlərə görə, agentlik hələ 2023-cü ilin noyabrında onlara xəbərdarlıq edib və qanun pozuntularını aradan qaldırmağa çağırıb, lakin onlar bunu müəyyən edilmiş vaxt çərçivəsində etməyiblər.

Bəziləri fərdi sahibkar, bəziləri isə MMC kimi fəaliyyət göstərən müəssisələr 600-dən 1800 gürcü larisinə qədər (220-dən 660 dollara qədər) cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyi vətəndaşların ölkədə istənilən xidməti dövlət dilində ala bilməsini nəzərdə tutur. Cərimələrin verilməsi ilə bağlı qərar bu restoranları pozuntuları aradan qaldırmaq öhdəliyindən azad etmir. Tələblərə məhəl qoymamağa görə cərimənin nə qədər olacağı açıqlanmır.