Martın 30-da dünya səhiyyə icması Ümumdünya Bipolyar Pozuntu Gününü qeyd edir.

AZƏRTAC Beynəlxalq Bipolyar Pozuntu Fondunun məlumatına istinadla xəbər verir ki, Ümumdünya Bipolyar Pozuntu Gününün vizyonu bu ciddi sağlamlıq problemini insanların diqqətinə çatdırmaq, sosial stiqma və ayrı-seçkiliyi aradan qaldırmaqdır. Bu, öz növbəsində, insanlara sözügedən xəstəliyə qarşı davranış qaydaları aşılayacaq, o cümlədən ən son tədqiqatlara və müalicələrə əlçatanlığı təmin edəcək.

Ümumdünya Bipolyar Pozuntu Günü məşhur holland rəssamı Vinsent Van Qoqun doğum günündə təsis edilib. Bu dahi şəxsiyyət bipolyar pozuntudan əziyyət çəkib və xəstəliyin əlamətləri onun yaradıcılığında özünü büruzə verib.

Fondun məlumatında qeyd edilib ki, müxtəlif dinlərə mənsub insanların bahar bayramlarını qeyd etdikləri şəraitdə diqqəti bu problemə çəkmək çox vacibdir. Əsas məqsəd isə bipolyar xəstəlikdən əziyyət çəkən insanların düzgün müalicəsi və onların rahat həyat tərzinin təmin edilməsidir.

Bipolyar pozuntu eyni insanda müəyyən bir vaxtlarda depressiya vəziyyəti - əhvali-ruhiyyənin aşağı olması, davamlı yorğunluq və həvəssizlik hissi, başqa vaxtlarda isə yüksək enerji və ifrat dərəcədə həvəs, güclü əmək qabiliyyəti ilə müşayiət olunan psixi pozuntudur. Bu kəskin fərqlər bir-birini əvəz edərək xəstəyə ciddi şəkildə əzab verir. Belə ki, eyni insan bir müddət özünü dünyanın en güclüsü və xoşbəxti, bəzən isə çox bədbəxt hiss edir.

Mütəxəssislər bipolyar xəstələr arasında intihar hallarının da çox olduğunu iddia edirlər. Pozuntunun vaxtında aşkarlanması və effektiv müalicə insanı normal həyata qaytarır.