
Qazlı sular xüsusilə yay aylarında sərinlədici içki kimi geniş istifadə olunur, lakin onların sağlamlığa təsiri hələ də müzakirə mövzusudur. Foodinfo.az bildirir ki, bu barədə terapevt Aleksandr Ulyanov “MedNews” portalına açıqlamasında danışıb. Onun sözlərinə görə, qazlı suyun tərkibindəki karbon qazı bəzi insanlar üçün qıcıqlandırıcı ola bilər və bu, köp, gəyirmə və qaz probleminə səbəb olur. Mütəxəssis qeyd edir ki, mədə və bağırsaq xəstəlikləri olanlar üçün qazlı suların istifadəsi məhdudlaşdırılmalıdır.
Şirinləşdirilmiş və aromatlaşdırılmış qazlı içkilər isə tərkibindəki şəkər və turşular səbəbilə diş minasına və qanda şəkər səviyyəsinə mənfi təsir göstərə bilər. Hətta “pəhriz” adı ilə satılan məhsullar belə, uzunmüddətli istifadə zamanı maddələr mübadiləsini poza bilər.
Əgər qazlı su içmək vərdişə çevrilibsə, təmiz qazsız su ilə dəyişdirilməsi tövsiyə olunur. Aleksandr Ulyanov bildirir ki, ən yaxşı içki bədən temperaturuna yaxın olan təmiz sudur. Qazlı suyu yalnız nadir hallarda və əsas yemək vaxtı deyil, ayrı qəbul etmək daha məqsədəuyğundur.
Onun fikrincə, qazlı suların gündəlik menyuda müntəzəm yer alması ümumi sağlamlıq üçün risklidir. Xüsusilə uşaqlar və yaşlılar üçün bu içkilərdən uzaq durmaq vacib sayılır. Mütəxəssis əlavə edir ki, qazlı su qəbul edənlərdə susuzluq hissi tez-tez geri qayıdır, çünki bu içkilər orqanizmi real olaraq nəmləndirmir.