Ətdə trixinella sürfələrini müəyyən etmək məqsədi ilə aparılan müayinə trixinelloskopiya adlanır. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədin “Kəsimdən əvvəl və sonra dövlət baytarlıq nəzarəti tədbirləri” bölməsində göstərilir ki, donuz cəmdəklərində seçmə üsulu ilə trixinelloskopiya müayinəsi aparılmalıdır.

Qeyd edək ki, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” səyyar, stasionar və modul tipli heyvan və quş kəsimi məntəqələrində insanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir. Bu Qaydalar “Baytarlıq haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu sahədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının birgə orqanı olan “Codex Alimentarius” Komissiyası tərəfindən tərtib edilmiş “Ət gigiyenasının ümumi prinsipləri”nə uyğun olaraq hazırlanıb.