Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunun təmin edilməsi məqsədilə növbəti səriştəlilik sınağını elan edib.
Bu barədə Foodinfo.az-a AQTİ-dən məlumat verilib.
Budəfəki sınaq şərab nümunəsində “şəkərin kütlə qatılığının təyini, titrlənən turşuların kütlə qatılığının təyini, uçucu turşuların kütlə qatılığının təyini, ümumi ekstraktivliyin kütlə qatılığının təyini, metil spirtinin kütlə qatılığının təyini və gətirilmiş ekstraktivliyin kütlə qatılığının təyini” parametrləri üzrə aparılacaq.
Səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur və qiymətləndirmələr də bu standartın tələblərinə uyğun şəkildə həyata keçirilir.
Səriştəlilik sınaqlarında iştirak etmək istəyən laboratoriyalar “Müraciət forması”nı dolduraraq onu [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
İştirak üçün son müraciət tarixi 30 noyabr 2025-ci ildir.
Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsində (www.afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri İnstitutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq və nəticələrin konfidensiallığı tam şəkildə qorunacaq.
Qeyd etmək lazımdır ki, təşkil olunan səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin düzgünlüyünü və etibarlılığını təmin etməklə yanaşı, sınaq nəticələrinin keyfiyyətinin yüksəldilməsinə, personalın peşəkar bacarıqlarının təkmilləşdirilməsinə, rutin analizlərin obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və bütövlükdə ölkədə qida təhlükəsizliyi infrastrukturunun inkişafına mühüm töhfə verir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.






