Dişləri lazımi vitamin və minerallarla təmin etsəniz, onları sağlam saxlamaq daha asan olar. 

 Foodinfo.az xəbər verir ki, stomatoloq Diana Levçuk dişlərə faydalı olan qidalar barədə danışıb.

Onun sözlərinə görə, dişlərə ilk növbədə ftor və kalsium lazımdır. Ftor balıq, qoz və kəpəkli çörəyin tərkibində olur. Kalsiumun mənbəyi isə süd məhsulları, xüsusilə pendirlər, lobya, yaşıl tərəvəzlər, küncüt və badamdır.

Lakin kalsiumun daha yaxşı qəbul edilməsi üçün qidalarda şəkər olmamalıdır. O da, duz kimi, kalsiumun bədəndən çıxarılmasına səbəb olur. Buna görə də, məsələn, şirin yoqurt, dondurma yedikdə və ya şirin süd içdikdə, faydası az olur. Bundan əlavə, şəkərin özü də dişlərə çox zərərlidir. Kofein və alkoqol, həmçinin, kalsiumun aktiv şəkildə bədəndən çıxmasına səbəb olur.

Həkim onu da bildirib ki, ağız boşluğunun vəziyyətinə dəmir və B12 vitamini çatışmazlığı mənfi təsir göstərir. Onları ət, yumurta, dəniz məhsulları və paxlalı bitkilərdən ala bilərsiniz.

Dişlərin daha bir “dost”u C vitaminidir. Onun çatışmazlığı sinqa xəstəliyinə səbəb ola bilər. Bu təhlükəli xəstəlik diş ətinin qanaması və dişlərin tökülməsi ilə xarakterizə olunur. Xoşbəxtlikdən, indiki dövrdə insanlar çox nadir halda sinqa ilə qarşılaşırlar, çünki müasir həyat tərzi ilə bu qədər C vitamini çatışmazlığının yaranması çətindir.

Stomatoloq qeyd edib ki, sitrus meyvələri, pomidor, alma, kələm, şirin bibər və qarağat bu vitaminlə zəngindir.

“Bərk, lifli qidalar da dişlər üçün faydalıdır. Məsələn, alma, kök, turp və s. yedikdə həm əzələ və bağ tonusunu qoruyan lazımi çeynəmə yükü təmin edilir, həm də dişlər təmizlənir. Bərk liflər diş ərpini təmizləyir və diş ətlərini masaj edir",- deyə Levçuk izah edib.

Sonda həkim vurğulayıb ki, insan nə qədər düzgün qidalansa da, təkcə qida rasionu ilə bütün diş xəstəliklərinin qarşısını almaq mümkün olmayacaq, ağız gigiyenasına da riayət etmək vacibdir.

Dişlərinizi düzgün fırçalamağı öyrənməlisiniz. Bunu müntəzəm olaraq gündə azı iki dəfə etməlisiniz. Peşəkar ağız gigiyenasına da laqeyd yanaşmamalısınız. Ev şəraitində diş daşlarını tamamilə təmizləmək mümkün deyil. Dişləri təmizləmək üçün əlavə vasitələrdən istifadə etmək tövsiyə olunur: xüsusi diş fırçaları, irriqatorlar, diş sapı və s.