Kəsim məntəqələrinə gətirilmiş heyvanlar və ya quşlar baytarlıq qanunvericiliyinə uyğun olaraq, müvafiq müşaiyətedici baytarlıq sənədləri (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) ilə təmin olunmalıdır.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, kəsim məntəqələrinə daxil olan heyvanlar və ya quşlar dövlət baytarlıq müfəttişi tərəfindən müayinə edilməli, müayinə zamanı xəstə və ya xəstəliyə şübhəli heyvan və ya quş olarsa, habelə heyvanların və ya quşların həqiqi baş sayı müşayiətedici baytarlıq sənədlərində göstərilən baş sayına uyğun gəlmədiyi halda, belə heyvanlar və ya quşlar diaqnoz təyin olunana qədər izolyatorda (kəsimə qədər sağlamlığı şübhə doğuran heyvanların müvəqqəti saxlanması üçün xüsusi ayrılmış yer) saxlanılmalıdır. Həmçinin kəsim məntəqələrinə gətirilən heyvanlara və ya quşlara aid baytarlıq sənədlərində onların sağlamlığına dair məlumatlar, aparılmış diaqnostik müayinələr və peyvəndləmələr, habelə antibiotiklər, hormonlar, parazit əleyhinə və digər təyinatlı baytarlıq preparatlarının son istifadəsi ilə bağlı məlumatlar öz əksini tapmalıdır.

Qeyd edək ki, baytarlıq fəaliyyəti sahəsində “Baytarlıq haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq verilən icazələr baytarlıq sənədləri adlanır.