
Yay mövsümündə bağırsaq infeksiyaları və qida zəhərlənmələrinin sayı kəskin artır. Foodinfo.az bildirir ki, akademik Roytberqin klinikasının infeksionisti Vladimir Neronovun sözlərinə görə, xüsusilə qarpız və içkilərə əlavə olunan buz ciddi risk mənbəyidir.
Həkim qeyd edir ki, temperatur +20°C-dən yuxarı qalxdıqda bakteriya və viruslar daha sürətlə çoxalır. Kəsilmiş və açıq şəkildə saxlanılan qarpızlar isə mikroblar üçün ideal şərait yaradır. O əlavə edib ki, içkilərdə istifadə olunan buzun əksər hallarda təmizlənməmiş sudan hazırlanması da orqanizm üçün təhlükəlidir.
Neronov vurğulayıb ki, yayda çimərlikdəki sanitar şəraitin zəif olması, yüksək temperatur və gigiyena qaydalarına əməl edilməməsi zəhərlənmələrin əsas səbəblərindən biridir. Xüsusilə küçə satıcılarından alınan bişmiş qarğıdalı, şirniyyat və xəmirə bükülmüş sosiska kimi məhsullar risklidir. Bu məhsulların hazırlanma və saxlanma şəraiti nəzarətsiz olduğundan qum, toz və bakteriyalarla çirklənə bilər.
Həkim xəbərdarlıq edir ki, yay aylarında baş verən zəhərlənmələrin təxminən 50 faizi insanların öz səhlənkarlığından qaynaqlanır – köhnə yeməklərin yeyilməsi, düzgün saxlanılmaması və keyfiyyətsiz məhsullardan istifadə buna səbəb olur.
Neronov tövsiyə edir ki, yayda yeməklər kiçik porsiyalarda hazırlanmalı və soyuducuda altı–on iki saatdan artıq saxlanılmamalıdır. Bu qaydalara əməl edilməməsi sağlamlıq üçün ciddi fəsadlara yol aça bilər.