Hazır yeməklərin tərkibi və saxlanma şəraiti çox vaxt alıcıların diqqətindən qaçır. Foodinfo.az xəbər verir ki, “Soft Medical Center”in qastroenteroloqu, həkim Aleksandra Metelina insanların mağazalarda hazır yemək seçərkən çox vacib məqamlara fikir vermədiyini bildirib.
Mütəxəssis URA.RU-ya açıqlamasında deyib ki, qablaşdırmanın vəziyyəti ilk baxışda yeməyin keyfiyyətindən xəbər verir. Onun sözlərinə görə, şişmiş qapaqlar, partlamış tikişlər, qabın içində buxar və ya damcılar, sousun bulanıqlığı – hamısı məhsulun xarab olmasının göstəricisidir. “Əgər qablaşdırmada bu əlamətlər varsa, həmin məhsulu dərhal geri qoymaq lazımdır,” – deyə o bildirib.
Metelina həmçinin əlavə edib ki, vakuumda qablaşdırılmış salatlarda qabın “şişməsi” və ya içəridə “göz yaşı”na bənzər damcıların olması qida təhlükəsizliyinə ciddi risk yaradır. Onun fikrincə, belə məhsullar artıq mikrobioloji çirklənməyə məruz qalmış ola bilər.
Ekspert alıcılara məhsulun istehsal və yararlılıq tarixinə də diqqət etməyi tövsiyə edib. O xatırladıb ki, hazır yeməklər ya tam soyuq, ya da kifayət qədər isti saxlanmalıdır, “bir az ilıq” və ya “bir az sərin” halda qalması mikrobların çoxalmasına şərait yaradır.
Metelina bildirib ki, bu cür laqeydliklər xüsusilə yay aylarında və ya isti mühitdə qida zəhərlənmələrinə səbəb ola bilər. Həkim insanların “təzə görünür” təəssüratına aldanmamasını və qablaşdırılmış yeməklərdə şəffaflıq, düzgün saxlama və tarix kimi sadə göstəricilərə hər zaman fikir verməsini tövsiyə edib.






