Kofein gündəlik enerjinin mənbəyi sayılsa da, onun həddindən artıq qəbulu orqanizm üçün ciddi təhlükə yarada bilər. Foodinfo.az xəbər verir ki, rusiyalı həkim-terapevt, tibb elmləri namizədi Aleksey Vodovozov RT-yə müsahibəsində xəbərdarlıq edərək bildirib: böyüklər üçün kofeinin təhlükəsiz sutkalıq norması 400 milliqramdan artıq olmamalıdır və bu miqdar gün ərzində bölünmüş şəkildə qəbul edilməlidir.
Mütəxəssis qeyd edib ki, bir dəfəyə çoxlu miqdarda kofein içmək ciddi zəhərlənmə riski yaradır. Onun sözlərinə görə, hamilə qadınlar üçün bu doza yarıbayarı azaldılmalıdır, çünki orqanizmin kofeinə reaksiyası fərqli olur.
“Bəzi insanlarda 400 milliqramlıq doza belə narahatlıq, yuxusuzluq, həddindən artıq oyanıqlıq, mədə-bağırsaq pozğunluqları kimi əlamətlərə səbəb ola bilər”, – deyə Vodovozov vurğulayıb.
Həkim kofeinin çox qəbulunun təhlükəli nəticələrindən də danışıb. Onun sözlərinə görə, 1–1,5 qram kofeinin bir dəfəyə qəbulu insan orqanizmini “zəhərləyə” bilər: “Belə halda insanın ürək döyüntüləri 200-ə qədər yüksələ, təzyiq kəskin artar, qaraciyər və əzələ hüceyrələri zədələnə bilər.”
Vodovozov bildirib ki, hər kəs kofeini fərqli dərəcədə qəbul edir və əsas meyar şəxsin öz vəziyyətidir. “Əgər 400 milliqramlıq gündəlik doza belə narahatlıq yaradırsa, onu 200–300 milliqramadək azaltmaq lazımdır”, – deyə o, məsləhət görüb.
Mütəxəssis sonda vurğulayıb ki, kofe yalnız enerji vermir, həm də düzgün miqdarda qəbul edildikdə orqanizm üçün faydalıdır, lakin bu sərhədi aşmaq təhlükəli nəticələrə gətirə bilər.






