Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Nyu-York, Kentukki, Arkansas ştatlarında və Toqo Respublikasının Maritaym vilayətində qeydə alınmış yüksək patogen quş qripi, Rusiya Federasiyasının Primorski diyarında qeydə alınmış Nyukasl, Serbiya Respublikasının Raşka və Rasina əyalətlərində qeydə alınmış blutanq xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazi vahidlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Amerika Birləşmiş Ştatlarının, Toqo Respublikasının, Rusiya Federasiyasının və Serbiya Respublikasının qeyd olunan inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.