Azərbaycanda ilk dəfə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə aidiyyəti qurumlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, peyvəndləmə ölkəmizdə ilk dəfə olaraq helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilib. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, təqribən 600 km məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketləri səpələnib.

Peyvəndləmə AQTA-nın, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun mütəxəssislərinin iştirakı ilə aparılıb.

Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. Eyni zamanda bildirir ki, bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır.

AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir.

Qeyd edək ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib. Buna görə də, müasir dünya təcrübəsinə uyğun olaraq, yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib.

Onu da qeyd edək ki, dünyada helikopterlərin köməyi ilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə geniş tətbiq olunur. Bu üsuldan istifadə edilməsi nəticəsində artıq Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya və Avropa ölkələrində quduzluq xəstəliyinə rast gəlinmir. Aviasiyanın tətbiqi ilə aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması Qafqaz regionunda, o cümlədən ölkəmizdə ilk dəfə həyata keçirilir.