AQTA-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən, o cümlədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı faciə zamanı həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb. Q.Təhməzli qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıda xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Buna baxmayaraq, xalqın iradəsini sarsıtmaq və azadlıq uğrunda mübarizəsini dayandırmaq mümkün olmayıb. Nəticədə ölkəmiz tezliklə öz müstəqilliyinə qovuşub.

AQTA sədri həmçinin bildirib ki, hər zaman xalqının yanında olan Ümummilli Lider Heydər Əliyev baş verən hadisədən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək törədilmiş qırğına görə Sovet rəhbərliyinə kəskin etirazını bildirib və cinayətkarların layiqincə cəzalandırılmasını tələb edib. Q.Təhməzli 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin də Ümummilli Liderin adı ilə bağlı olduğunu qeyd edib.

AQTA sədri çıxışı zamanı xalqımızın ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda həlak olan oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirdiyini, onların ruhuna ehtiram göstərdiyini və xatirəsini hər zaman uca tutduğunu bildirib.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.