“Worldchefs”in prezidenti Şuşaya özəl yemək hazırladı

Yanvarın 18-də Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşaya səfər edib.

Foodinfo.az xəbər verir ki, səfərin təşkilinin məqsədi qonağı Şuşa şəhərinin tarixi məkanları, əsrarəngiz təbiəti, eləcə də Qarabağın mətbəx nümunələri ilə yaxından tanış etmək olub.

Səfər çərçivəsində Tomas Quqler Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini, icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Novruzovla görüşüb.

“Worldchefs” prezidenti “Güllələnmiş heykəllər”, Şuşa qalası, Bülbülün ev-muzeyi və Cıdır düzü ilə tanış edilib.

Ona Qarabağ mətbəxinə aid “Boyanalı aş”ın və milli mətbəximizin şahı hesab olunan “Şah plov”un hazırlanması nümayiş etdirilib. Tomas Quqler Şuşa şəhərindən ilhamlanaraq kreativ reseptlə yeni yemək hazırlayıb və onu “Şuşalı” adlandırıb.