Qəhvəyi mərmər bağacığına qarşı kompleks tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birlikdə qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində artıq qonşu ölkələrdən Azərbaycana yük daşıyan nəqliyyat vasitələrinin dezinfeksiya olunmasına başlanıb. Nəqliyyat vasitələri Balakən rayonu ərazisindəki “Mazımqara”, Qazax rayonundakı “Qırmızı körpü” və Ağstafa rayonundakı “Böyük kəsik” sərhəd-keçid məntəqələrində ayrılmış xüsusi sahələrdə dezinfeksiya edilir. Həmçinin sürücülər qəhvəyi mərmər bağacığı və dezinfeksiyadan sonra əməl edilməli olan qaydalar barədə məlumatlandırılırlar. Eyni zamanda zərərvericinin müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarında bağacığın qışlama yerlərini aşkarlamaqdan ötrü monitorinqlər keçirilir. Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işləri də davam etdirilir. Bağacığın aşkar edildiyi bölgələrdə yerli əhali və sahibkarlarla görüşlər keçirilir, zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Bundan başqa, qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır.

300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan bağacığın yayılmasının qarşısını almaq üçün AQTA əhalini zərərvericilərlə mübarizədə fəal və diqqətli olmağa çağırır. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə, bu barədə aidiyyəti dövlət qurumlarına və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.

Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumlarının təmsil olunduğu və AQTA-nın rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzi yaradılıb. Balakən rayonunda Mərkəzin daimi əsaslarla işləyən Qərargahı fəaliyyət göstərir.