Mərkəzi Baytarlıq Laboratoriyası səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğura imza atıb. Laboratoriya Niderlandın “GD Animal” şirkəti tərəfindən müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyi hesab edilən quş qripi üzrə  təşkil olunan səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratroiyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriya dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik test proqramlarına qatılaraq yüksək nəticələr əldə edib.