İstehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən “Miral” Məhdud Məsuliyyətli Cəmiyyətin ölkəyə idxal etdiyi, Pakistan İslam Respublikasında fəaliyyət göstərən “Salbion Health Sciences Pvt Ltd” şirkətinin istehsalı olan, ümumi miqdarı 3000 ədəd təşkil edən “Sele Forte kapsul №30” adlı bioloji aktiv qida məhsullarından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında ağır metalların Kadmium (Cd) miqdarının normadan artıq olduğu aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul olunub və istehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.