“HACCP sistemi və qida təhlükəsizliyi” mövzusunda “Peşəkarlarla görüş” keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” “HACCP sistemi və qida təhlükəsizliyi” mövzusunda keçirilib.

Foodinfo.az-ın məlumatına görə, tədbirdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub.  Daha sonra qida zənciri boyunca fəaliyyət göstərən müxtəlif sahibkarlara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilər.

Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.

Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.