AQTA-da ticarət şəbəkələri nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd ölkədə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ticarət şəbəkəsi nümayəndələrinin məlumatlandırılması, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi olub.

Foodinfo.az-a verilən məlumata görə, görüşdə diqqətə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Pərakəndə ticarət şəbəkələrinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətini təkmilləşdirməli və qida məhsullarının təhlükəsiz satışını təmin etməlidirlər.

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov sahibkarlara əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində Agentliyin gördüyü işlər barədə ətraflı məlumat verib. Əsasən qanunsuz heyvan kəsimi və ət satışı məsələsi üzərində dayanan sədr müavini bildirib ki, agentlik bu sahədəki fəaliyyətini “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamı əsasında qurur. Həmin sərəncama uyğun olaraq, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə həm Bakı şəhərində, həm də respublikanın rayonlarında Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə reydlər keçirilir.

Sədr müavini bildirib ki, ticarət şəbəkələrinin ölkədə heyvan kəsimi və ət satışı ilə bağlı qurulan yeni sistemə qoşulması qanunsuz heyvan kəsimi hallarının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Belə şəbəkələrin üzərinə düşən əsas məsələlərdən biri də tədarük edilən ət və ət məhsullarının müvafiq sənədlərlə müşayiət olunmasıdır ki, həmin sənədləri də elektron qaydada  əldə etmək mümkündür.

Agentliyin Aparat rəhbəri Elxan Mikayılov isə bildirib ki, ikitərəfli əməkdaşlığa əsaslanan müasir qida təhlükəsizliyi sistemin qurulmasında effektli bazar gücü hesab olunur iri marketlər şəbəkəsi ilə əməkdaşlığın əhəmiyyəti böyükdür.

Tədbirdə iri ticarət şəbəkələrində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsi, istifadə müddəti bitmiş məhsulların satışdan kənarlaşdırılması, enerji içkilərinin düzgün marakalanması və digər məsələlərə də toxunulub.

Görüşdə ticarət şəbəkəsi nümayəndələrinin problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.