Oğuzda fəaliyyət göstərən restoranda nöqsanlar aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az-ın xəbərinə görə, Agentlik əməkdaşları tərəfindən Oğuz rayonu, Baş Daşağıl kəndində fəaliyyət göstərən, fiziki şəxs Daşdəmirov Çingiz Fərrux oğluna məxsus “Saf su” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib. Belə ki, müəssisənin gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində texnoloji ardıcıllıq və mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi, məişət tullantıları üçün hermetik zibil qablarının quraşdırılmadığı,  həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və müəssisənin fəaliyyəti dayandırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.